23:44
16 01 2021

Dörd bədii gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb

İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri İdman ustası” adına layiq görülüblər. 
Siyana Vasileva və Aliyə Paşayeva Avropa Çempionatlarının qrup hərəkətləri komandası tərkibində gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olmuşlar. Aliyə Paşayeva həmçinin 2019-cu ildə Bakıda keçirilən Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olmuşdur.
Gənclər arasında Avropa Çempionatının gümüş mükafatçısı olmuş Səbinə Abbasova (Hacıyeva), 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında artıq böyüklər proqramında (3 top və 2 lent) gümüş medalını təsdiqləmişdi.
Anastasiya Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil etmiş və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olmuşdu.
İdmançı kimi göstərdikləri nailiyyətlərinə görə “Fəxri idman ustası” adına layiq görülmüş hazırki məşqçilərimiz artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, Anastasiya Prasolovanın yetirməsi Bakı 2015 Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa Çempionatında bürünc medal əldə edib. 2020-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilmiş Avropa Çempionatında gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri Siyana Vasileva olmuşdur. Aliyə Paşayeva Bakı Gimnastika məktəbində, Səbinə Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların  yetişdirilməsində xidmət edirlər. 
Keçmiş gimnastlarımızı bu fəxri ada layiq görülmələri münasibətilə təbrik edir, bədii gimnastikanın inkişafı istiqamətində göstərdikləri məşqçilik fəaliyyətində onlara uğurlar arzu edirik!

NEWS FEED