14:04
17 10 2022

Gəncə şəhər stadionunda tablo problemi: “Fors-major hallarda cərimə nəzərdə tutulmur”

“Peşəkar Futbol Liqasının əsasnaməsi pozulubsa, klub cərimələnməlidir. Yalnız fors-major hallarda cərimə nəzərdə tutulmur”.

Bunu AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov Gəncə şəhər stadionunda “Kəpəz” və “Neftçi” komandaları arasında Azərbaycan Premyer Liqasının X tur oyununda elektron tablonun işləməməsi ilə bağlı danışarkən deyib.

O, qərarın AFFA nümayəndəsinin protokoluna əsasən veriləcəyini bildirib: “Məsələn, tablo bir ədəddir. O da düşüb qırılıb. Batareyanın gücü çatmayıb və tablo yanmayıb. Bütün bunlar fors-major hallardır”.

“Nümayəndə elektron tablonun işləməməsi ilə bağlı qeydiyyatını aparıbsa, mövzu İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Hələlik protokol mənə gəlməyib. Gəldikdən sonra araşdıracağıq. AFFA nümayəndəsi qeydiyyat aparıbsa, mütləq müzakirə olacaq”.

Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov isə qarşılaşmadan əvvəl Gəncə şəhər stadionunda hərtərəfli təftiş apardıqlarını xatırladıb: “Bura tribunadan, ot örtüyündən, soyunub-geyinmə otaqlarından tutmuş, bütün detallar daxil idi. İlk oyun olmasına baxmayaraq, hər hansı bir qlobal problem yaranmadı.

Elektron tablo məsələsinə gəldikdə, oyundan öncə hakimlər tərəfindən yoxlanılmışdı və hər şey qaydasında idi. Sadəcə, matç davam edərkən hakimə təqdim edilən zaman ehtiyatsızlıq nəticəsində əldən düşmüş və nasazlıq yaranmışdı. Aradan qaldırılmasına çalışsaq da, alınmadı. Nəticə etibarilə, alternativ yollara əl atdıq və oyunun gedişinə mane olmadı. Ehtiyat tablo Premyer Liqa üçün yararsız olduğuna görə, kluba növbəti oyuna qədər bu problemin aradan qaldırılmasının vacibliyini bildirdik. İş varsa, problemlər də qaçılmazdır”.

Qeyd edək ki, görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə bitib. Baş hakim Tural Qurbanovun oyunçu əvəzləmələrini və hissələrə artırdığı vaxtı tamaşaçılara göstərilməyib. Əvəzetmələr əl işarələri ilə aparılıb.


© “Report”

NEWS FEED