22:18
18 12 2021

Fərid Qayıbov bölgələrdə uşaqların üzgüçülüyə cəlb edilmələrini tövsiyə edib

Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində Qayıbov Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı və Şamaxı Olimpiya İdman Komplekslərinin, Qobustan idman kompleksinin fəaliyyətləri ilə tanış olub. O, müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Balakən və Qobustan Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılıq uğurları barədə məlumat verilib. Həmin mərkəzlərin problemləri ilə maraqlanan nazir burada gənclərə xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, müvafiq tövsiyələr verib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.

NEWS FEED