Xocavənddə ermənilərin hücumu zamanı hərbçilərimiz öldürülüb, “Azercell”in əməkdaşı yaralanıb
2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Yayin.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin birgə məlumatında bildirilir.
Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb:
"Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir".