“Monta” tropik siklonu Hindistan sahillərinə yaxınlaşıb, təxminən 100 min nəfər təhlükəsizlik məqsədilə bölgədən çıxarılıb.
“Monta” adlanan tropik siklon Hindistanın şərqində yerləşən Andhra-Pradeş və Odişa ştatlarında güclü küləklər və leysan yağışlara səbəb olub. “Hindustan Times” nəşrinə istinadən yayılan məlumata görə, bölgədə baş verən təbiət hadisəsi nəticəsində 87 mindən çox sakin təhlükəsizlik məqsədilə təxliyə edilib. Benqal körfəzində formalaşan “Monta” siklonu oktyabrın 29-na keçən gecə Hindistan sahillərinə çatıb. Meteoroloqlar bildirirlər ki, bəzi ərazilərdə küləyin sürəti saatda 110 kilometrə qədər yüksəlib. Güclü küləklər çoxlu sayda ağacın aşmasına, elektrik xətlərinin sıradan çıxmasına və nəqliyyatın iflic olmasına səbəb olub — bir sıra aviareyslər və qatarlar ləğv edilib və ya istiqamətləri dəyişdirilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı bir nəfər həyatını itirib. Hazırda bölgəyə xilasedici qruplar göndərilib və fırtınanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Sinoptiklər xəbərdarlıq ediblər ki, yaxın günlərdə Hindistanın şərqində yağışların intensivliyi artacaq və vətəndaşlara sahilboyu ərazilərdən uzaq durmaq tövsiyə olunub.

Şərhlər