Virtual karabakhyuxarı Şəhidlərimiz adlarına layiq şəkildə dəfn olunmalıdır
30 illik həsrət… İllərdir vətən həsrəti çəkən xalqımız nəhayət ki, öz torpaqlarının işğaldan azad olunduğunu gördü. Bu sevinci isə bizə elə Azərbaycanın mərd oğulları, illərdir vətən həsrətilə böyüdülən qəhrəmanlar yaşatdı. 44 gün yalnız bir amala xidmət edən Azərbaycan ordusunun cəsur əsgərlərindan 2855-i canlarından keçdi, çoxu isə Vətən yolunda sağlamlığını qurban verdi…Hər birinin dediyi tək bir söz var - Vətən sağ olsun!
İkinci Qarabağ müharibəsi 44 gün ərzində 10 milyonluq xalqın birliyini, möhkəmliyini ortaya qoydu. Dövlətimiz cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinə, qazilərimizə xüsusi qayğı və diqqətlə yanaşır. Hökümətin öz vətəndaşına göstərdiyi diqqət bu ölkədə fəaliyyət göstərən qurumlara da, cəmiyyətin hər bir fərdinə də nümunə olmalıdır.
Təəssüf ki, bəzi qurumlar dövlətin şəhidinə qoyduğu hörmətdən, qayğıdan dərs çıxarmır.
Son günlər sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin uğursuz və onların adına layiq olmaması hər kəsin narazılığına səbəb olub.
Söhbət Qaradağ rayonu Xocasən-Lökbatan yolunun üzərində yerləşən ümumişəhər qəbiristanlığından gedir. Vətən müharibəsinin 18 qəhrəmanı burada dəfn olunub. Şəhidlərin dəfni üçün ayrılan yerdə məzarların üzərinə yığılan su ictimaiyyətin qınağına səbəb olub.
Haqlı olaraq şəhid ailələri övladlarının məzarlarının daha münasib yerə köçürlüməsini tələb ediblər.
İnsan özü özlüyündə düşünəndə qəbul edə bilmir ki, torpaq, vətən yolunda canından keçən bir həmvətənlisi necə bu cür əlverişsiz, şəhid adına yararsız olan bir ərazidə dəfn edilə bilər?!
Əslində heç bir icra hakimiyyəti və dövlət qurumu da bunu məqəsdli şəkildə etməz, amma nəticəyə baxanda bütün bu ehtimalların əvvəlcədən kimsə nəzərə almalı idi yoxsa yox? Əlbəttə ki, nəzərə almalı idi…
Əgər kiminsə diqqətsizliyindən bu baş veribsə və şəhid ailələri bu məsələyə haqlı narazılıq edirsə, bu o demək deyil ki, onlar dövlətdən şikayət edir. Bu məhz şəhidlərinə laqeyd münasibət bəsləyən icra hakimiyyətlərinə, qurumlara, eləcə də hörmətsiz münasibət sərgiləyən hər bir fərdə qarşıdır. Çünki şəhidlərin xatirəsinin uca tutulması, şəhid ailələrinin qayğı ilə əhatə olunması hər kəsin borcudur!
Millət vəkili Fazil Mustafa son günlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olun bu hadisənin baş verməsindən təəssüf hissi keçirdiyini deyib:
“Şəhidə sayğı təkcə şəhid ailələrinə qoyulan hörmət deyil, insanın həm də öz-özünə qoyduğu sayğıdır. Hər kəs başa düşməlidir ki, o insanlar vətən üçün, bizim üçün canlarından keçib. Onların dəfn olunması üçün seçilən yer əvvəlcədən hərtərəfli araşdırılmalı və yararlı olub-olmadığı yoxlanılmalıdır. Şəhidlik böyük zirvədir. Dəfn prosesi zamanı şəhid ailələri ilə danışıb, onların fikirləri də öyrənilməlidir.
Bu kimi anlaşılmazlıqlar, xoş olmayan mənzərələr məmurların özbaşnalığından baş verir. Heç kim öz məsuliyyətini dərk etmir. Vətəndaşa baş verənlərlə bağlı normal açıqlama vermək lazımdır, problem varsa, aradan qaldırılması üçün lazımi addım atılmalıdır. Normal izahat veriləndə insan bunu anlayır. Amma şəhidi dəfn etmək üçün “yer yoxdur” ifadəsi ümumiyyətlə qəbul edilməzdir. Hansı dövrdür ki, belə bir ifadə işlədilsin?
Yer yoxdur, zəhmət çəkib tapın. Yüzlərlə boş torpaq var. Parklardan birini Şəhidlər xiyabanına çevirmək olar. Sadəcə bəzi məmurlar gizlənməkdən ötrü, dövlətinin siyasətini, vətəndaşını qorumaqdan yayınır. Onlar dövlətdən ancaq imtiyaz umur. Bu qəbuledilməzdir”
F.Mustafa bu problemlərin sosial şəbəkələrdə bu qədər qabardılmasının da düzgün olmadığını bildirib:
“Biz qalib xalqıq. Bu kimi məsələləri “qəhrəmanlıq” olsun deyə müxtəlif məqsədlərə çəkmək yaxşı deyil. Şəhid adını istifadə edərək sosial şəbəkədə bu və ya digər məsələləri reytinq xətrinə qabartmaq da doğru deyil. Hər hansı məmurun laqeyd davranışını, şəhidə, şəhid ailəsinə qarşı xoş olmayan münasibəti bütöv dövlətin, hökümətin adına çıxarmaq da doğru deyil. Bu ittiham edici formada yox, sakit şəkildə həll edilməlidir”.
Ümumilikdə bu məsələdə qaranlıq qalan məqam Bakının Yasamal və Nəsimi rayonundan olan şəhidlərin Qaradağ rayonu Xocasən-Lökbatan yolunun ərazisindəki qəbiristanlıqda dəfn olunmasıdır.
Belə ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparmağa çalışdıq.
Qaradağ Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən qəbiristanlıqda dəfn olunan şəhidlər onların ərazisində yaşayan sakinlər olmayıblar.
Yasamal Rayon İcra Hakimiyyətindən isə sözügedən qəbiristanlığın Yasamal rayonun inzibati ərazisinə daxil olmadığı üçün məsələ ilə bağlı heç bir münasibət bildirə bilməyəcəklərini söylədilər.
Qurumların münasibəti birmənalı olaraq problemin həllinə aparmır. Ortada isə təcili şəkildə həll olunması vacib olan bir problem var.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Nəsimi rayonundan olan şəhidlərin hər birinin dəfn prosesində nümayəndələri iştirak edib:
“Nəsimi rayonu ərazisində şəhidlər xiyabanı olmadığından, bizim şəhidlərin ailələrinin razılığı əsasında harada dəfn olunmasından asılı olmayaraq nümayəndələrimiz iştirak ediblər. Şəhidlərimizdən bölgələrə aparılan, Bilgəhdə, Hökməli qəsəbəsindəki qəbiristanlıqda dəfn olunanlar var.
Həmin ərazidə şəhidlərin qəbri ilə yaranan problem əsasında müraciət edən ailələr bildirib ki, əgər ərazidən şəhidlərin köçürülməsi nəzərədə tutularsa, onlar da öz şəhidlərinin məzarlarının köçürülməsini istəyirlər. Sadəcə olaraq köçürülmə ilə bağlı məsələ bizim səlahiyyətlərimiz daxilində olmadığı üçün heç bir münasibət bildirə bilmərik”.
Dünya praktikasında bu kimi məsələlərin həllinə nəzər salsaq görərik ki, bütün ölkələrdə dəfn prosesləri təxminən eyni şəkildə həyata keçirilir.
Məqsədimiz istənilən halda, yaranan anlaşılmazlığın səbəbi nə olur-olsun, kim olur-olsun, problemin qısa zamanda həll olunması, şəhidlərimizin onların adına layiq şəkildə, daha münasib ərazidə dəfn olunmasıdır.
© Oxu.Az