12:32
11 09 2025

Pakistanda “ASAN xidmət” modelinin tətbiqinə başlanılır

8–10 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hökumətinin dəvəti ilə İslamabadda səfərdə olub.

Yayin.az xəbər verir ki, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və ölkədə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı iclas keçirib.

Toplantıda Pakistanda tətbiq ediləcək “ASAN xidmət” konsepsiyasının təqdimatı baş tutub.

Baş nazir çıxışında Azərbaycanın təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modelinin onda böyük təəssürat yaratdığını bildirib. O qeyd edib ki, bu konsepsiyanın Pakistanda tətbiqi dövlət xidmətlərinin göstərilməsində köklü dəyişikliklərə səbəb olacaq və “nağdsız iqtisadiyyat” siyasətinə dəstək verəcək. Şahbaz Şərif vurğulayıb ki, ilkin mərhələdə İslamabadda fəaliyyətə başlayacaq mərkəzlər sonradan digər şəhərlərdə də açılacaq.

Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürünü bildirən Baş nazir, layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında Pakistanda ‘ASAN xidmət’ təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişin icrasına əsasən, yaxın müddətdə ölkədə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

Səfər proqramında Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş də keçirilib, mərkəzin yerləşəcəyi bina infrastrukturu ilə tanışlıq olub.

Ülvi Mehdiyev, həmçinin, Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edərək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub. Tədbirlərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

NEWS FEED