Tələbələr niyə çox yatmalıdırlar?


Gecə istirahətinin insan yaddaşı üçün faydalarını nevroloqlar hələ indi anlamağa başlayıblar.

Böyük Britaniyada yerləşən Royal Holloway Universitetindən psixologiya üzrə müəllim Jakke Tamminen deyir ki, imtahandan bir gün əvvəl səhərə qədər yatmayıb hazırlaşan çox sayda tələbəsi var. Lakin "bu, edə biləcəyiniz ən pis şeydir", o xəbərdarlıq edir.

O, bunu hamıdan yaxşı bilir. Tamminen yuxunun yaddaşa, xüsusilə də dil öyrənən zaman təsiri üzrə mütəxəssisdir. Tələbələrin sevimli metodu, yuxuda öyrənmə (yuxuda ikən arxa fonda öyrənmək istədiyiniz materialın səsləndirilməsi) isə mifdən başqa bir şey deyil.

Ancaq yuxu, bilikləri beyinə yerləşdirmək üçün son dərəcə əhəmiyyətlidir və Tamminen və digərlərinin araşdırması da bunu sübut edir.


Tamminen-in hələ də davam edən araşdırma layihəsində iştirakçılar yeni sözlər öyrənir və bütün gecəni oyaq qalırlar. Tamminen onların bu yeni söz yaddaşını bir neçə gecə və bir həftə sonra yoxlayır.

Hətta bir neçə gecə rahat yuxudan sonra belə, yuxudan məhrum edilməyən qrupdakı iştirakçıların sözləri xatırlama sürəti ilə, onların sürəti arasında böyük fərq nəzərə çarpır.


"Yuxu həqiqətən də təhsilin mərkəzi hissəsidir," o deyir.

"Yuxuda ikən heç bir şey oxumasanız da, beyniniz öyrənməyə davam edir. Sanki sizin adınıza işləyir. Əgər normal yatmasanız, təhsilinizə ayırdığınız zamanın tam təsirini görə bilməzsiniz."

Yatan insanın beyninin içi

Biz Tamminen-in yuxu laboratoriyasının Laboratoriya Otağı 1-dəyik. Otağın əşyaları bir çarpayı, rəngli xalça və çərçivəyə salınmış kağız kəpənəklərdən ibarətdir.

Çarpayının yuxarısında isə kiçik elektroensefaloqrafiya (EEG) cihazı yerləşir. Bu cihaz, iştirakçının başına taxılan elektrodlar vasitəsilə beyindəki fəaliyyəti izləyir.

Bu yolla başa taxılma hissəsindən asılı olaraq, təkcə beyinin müxtəlif paylarındakı (alın, gicgah və ənsə) fəaliyyəti yox, həmçinin əzələ tonu (çənədəki elektrod vasitəsilə) və göz hərəkətlərini (hər bir gözün yanına taxılan elektrod vasitəsilə) ölçmək mümkündür.


Dəhlizin digər başında yerləşən nəzarət otağında isə araşdırmaçılar hər bir könüllünün beyninin hansı hissəsinin nə qədər müddətə və nə dərəcədə aktivləşdiyini müşahidə edə bilirlər.

E1 (eye 1 - göz 1) və E2 (eye 2 - göz 2) qrafiklərindəki aktivliyə əsasən, könüllünün sürətli göz hərəkətləri (rapid eye movement - REM) fazasında olduğunu demək çox asandır.

Lakin Tamminen-in cari araşdırmasının - və ümumiyyətlə dilin inkişafında yuxunun rolunun - ən kritik hissəsi yavaş dalğalı yuxu (slow-wave sleep - SWS) adlanan qeyri-REM fazasıdır. İstər lüğət, istər qrammatika, istərsə də başqa məlumatlar olsun, yaddaşın yaranması və mənimsənilməsində SWS mühüm rol oynayır.

Bu zaman beyinin müxtəlif paylarının qarşılıqlı təsiri vacibdir. SWS əsnasında sürətli öyrənməni yaxşı bacaran hipokampus məlumatı uzunmüddətli yaddaşa hopdurmaq üçün neoqabıqla sabit rabitə qurur.

Hipokampus əvvəlcə həmin gün öyrənilən yeni sözü kodlaşdırır, amma həmin bilgini həqiqətən yaddaşa çevirmək üçün (yəni, nümunələri aşkarlamaq və yaradıcı problem həllinə imkan verən digər fikirlərlə əlaqəni tapmaq) neokortikal (qabıq) sistem hərəkətə keçməlidir.


Hipokampus və neokorteks arasındakı məlumat avtoreferatında yuxu milləri yerləşir ki, onlar da beynin üç saniyədən artıq çəkməyən sıçrayış fəaliyyətidir.

"Yuxu millərinin adı bir növ mövcud məlumat ilə yeni məlumatı əlaqələndirmə ilə bağlıdır," Tamminen deyir.

Və onun araşdırmasındakı məlumatlar göstərir ki, daha çox yuxu milinə malik insanların yeni sözləri daha tez mənimsəmək imkanı var.


Tamminen yavaş dalğalı yuxuya köklənib, amma REM yuxusunun dil inkişafında rolu ilə bağlı nəzəriyyə də mövcuddur. Bu isə həmin yuxu siklində baş verən yuxugörmə vasitəsilə həyata keçməsi nəzəriyyəsidir.

Kanadanın Ottava Universitetinin yuxu və yuxugörmə laboratoriyasında aparılan bir araşdırma göstərib ki, fransız dilində yuxu görən bakalavr tələbələri öyrəndikləri bu yeni dil ilə yeni əlaqələr qurmaq qabiliyyətinə yiyələnirlər.

Əslində yuxular gün ərzində yaşanan hadisələrin təkrarından daha çoxu mənasına gəlir. Həmin araşdırmaya görə, beyinin məntiqi (alın payı) və duyğuları (ara beyin) idarə edən hissələri yuxugörmə əsnasında fərqli rabitə qururlar.

İntensiv şəkildə ikinci dil öyrənən tələbələrin REM yuxusu daha uzun olur. Bu isə onlara yuxu zamanı öyrəndikləri məlumatları mənimsəmək üçün daha çox vaxt verir və gün ərzində yaxşı nəticələrə səbəb olur.

Gecəlik ritmlər

Neçə yuxu milinə sahib olduğumuz haqqında genetik komponent rol oynayır. Yatmaq və oyanmaq vaxtını diktə edən daxili saatlarımız üçün də genetik əsas mövcuddur və bu siklləri qəbullanmaq üçün bizim idraki performansımızın pik nöqtəsinə çatması vacibdir.

Fiziologiya/Tibb üzrə saat genləri ilə bağlı işinə görə iki həmkarı ilə birgə 2017-ci ildə Nobel Mükafatı qazanan Michael W Young-dan çox bu mövzu haqqında məlumatı olan adam azdır. Young izah edir ki, optimal işləklik üçün - məktəb, iş və ya həyatın istənilən hissəsində - "insan ritmik mühit yaratmaq istəyir".

Həyat tərzi, mühit və ya nəslən keçən yuxu pozuqluğu təhrif olunmuş yuxu ilə müşayiət oluna bilər. Buna qarşı ilk vasitə gecələr qaranlıq pərdələr və ya gündüzlər parlaq işıqdır ki, mümkün qədər təbii aydın/qaranlıq siklləri imitasiya etmək olsun.


Mürgü

Sirkadian ritminin yetkin yaşlı insanın təhsilində rolu danılmazdır, amma əhəmiyyəti özünü daha çox uşaqlıqda büruzə verir.

Yavaş dalğalı yuxunu uşaqlar böyüklərdən daha çox yaşayırlar. Bu, uşaqların daha tez öyrənmək bacarığını izah edə bilər.

Almaniyanın Tuebingen Universitetinin uşaq yuxusu laboratoriyası yuxunun uşaq yaddaşına təsirini araşdırır. Yuxu zamanı uşaq beyində nə baş verdiyi və yuxudan əvvəl və sonra nə qədər məlumat mənimsəndiyini izlədikcə yuxunun qeyri-müəyyən məlumata (prosessual yaddaş) giriş edib, onu müəyyənə (deklarativ yaddaş) çevirdiyi görünür.


Yetkinlər də gün ərzində öyrəndikləri məlumatları yadda saxlaya bilərlər. Lakin tədqiqatçı Katharina Zinke-nin izah etdiyi kimi, "yuxu bu prosesi uşaqlarda daha səmərəli şəkildə edir".

"Erkən yaşlarda effektlərinin güclü olmasına səbəb, beynin inkişaf etməsidir," Kanada Yuxu və Sirkadian Şəbəkəsinin koordinatoru Dominique Petit deyir.

O həm də uşaqlarda sirkadian ritmini nəzərdən keçirib. Bir sözlə, bu o deməkdir ki, "uşaqlar öyrəndikləri hər bir şeyi yadda saxlamaq üçün gün ərzində yatmağa ehtiyac duyurlar".

"Azyaşlı uşaqların günorta yuxularının lüğətin inkişafında, sözlərin mənasının ümumiləşdirilməsində və dilin öyrənilməsi zamanı abstraksiya üçün əhəmiyyəti ortaya çıxıb," o deyir.

"Ancaq yuxu, yaddaş və öyrənmə üçün insanın həyatı boyu mühüm əhəmiyyət kəsb edir."


Yuxu informasiyaya girişə kömək olmaqla yanaşı, həmin informasiyaya giriş tərzini də dəyişir. Bu, beyini məlumatı qəbul etmək üçün daha çevik edir (və ya beyini məlumata daha müxtəlif yollarla girişə qabil edir).

Lakin həm də beyninin yeni məlumatın ən mühüm hissələrini daha yaxşı yadda saxlamasına səbəb olur.

"Əslində bu, yaddaşı gücləndirmək və dəyişməyin aktiv prosesidir," Zinke deyir.

"Yaddaş elə bir formada transfer olunur ki, ən mühüm məlumat hifz olunur."

Uşaqlar üçün olduğu qədər, yetkinlər üçün də uzun yuxu tənbəllik əlaməti sayılmamalıdır, xüsusilə də dil öyrənən zaman. O, beynimizin əlaqəsi və bədənimizin ritmi üçün son dərəcə əhəmiyyətlidir.

Növbəti dəfə ikinci (və ya üçüncü, yaxud dördüncü) diliniz üzrə yeni məlumat öyrəndikdən sonra, yatmağa çalışın. Səhər yenilikləri nə qədər mənimsədiyiniz sizi təəccübləndirə bilər.

NEWS FEED