Sağlam olmaq üçün səhər tezdən oyanmalıyıq?


Səhər tezdən oyananlar və gec oyananlar arasında aparılan araşdırma gec yatanlar üçün çox da parlaq olmayan nəticələr əldə edib.

Chronobiology International adlı elmi jurnalın araşdırmasına görə, gecə gec yatanlar səhhətində daha çox problem yaşayır.

Bəs, doğrudan da gec yatmaq pis şeydirmi və bundan əl çəkərək səhər tezdən oyanmalıyıq?

"Sosial jetlag"

Bu, işləyən hər bir kəsin yaşadığı ssenaridir.

Yuxuya getməyə çalışdıqdan sonra saatın zəngi ilə ləzzətli yuxudan oyanıb yataqdan qalxmaq məcburiyyətində qalmaq. Həftəsonuna doğru yuxusuzluqdan əldən düşüb sonra da itirilmiş yuxuları bərpa etməyə çalışmaq.

Bu normal səslənə bilər, ancaq bu, həm kifayət qədər yatmadığınızı, həm də "Sosial jetlag" (yuxu sərsəmliyi) yaşadığınızı göstərir.

Sosial jetlag bu baxımdan həftə içindəki yuxu səviyyənizlə həftəsonundakı yuxunuz arasındakı fərq mənasına gəlir.

Sosial jetlag nə qədər böyük olsa, ürək xəstəlikləri riski və metabolizm problemləri kimi sağlamlıq problemləri də bir o qədər böyük olur.

Almaniyanın Munich şəhərində xronobiologiya professoru Till Roennebergin fikrincə, gecə gec yatan insanlar, xüsusilə də səhər gec oyananlar erkən oyananlara nisbətən daha böyük tibbi problemlərlə üz-üzədirlər.

Məktəblərin və işlərin böyük qismi səhər saatlarında başladığı üçün gecə gec yatanlar səhər tezdən günə başlamalı olurlar.

"İnsan biologiyası"

Bəs gec yatanlar bununla necə ayaqlaşmalıdırlar?

Həftəsonu gec oyanmaqdan imtina edərək həftəiçindəki ritmlərə ayaq uydurmaq üçün zəngli saat qurmaq lazımdır?

Gec yatmağın pis olmadığını düşünən professor Roenneberg "Bu edə biləcəkləri ən piş şeydir. Əgər beş gün ərzində yatmadınızsa, bunu ələ almaq lazımdır. Bunu etməyin ən yaxşı vaxtı da sonradır" deyir.

Çünki, yatmaq istədiyimiz vaxtlar sadəcə vərdiş və ya intizamın işarəsi deyil. Bu, 50 faizi genlərimiz tərəfindən müəyyənləşdirilən bədən saatımızla əlaqədardır.

Geri qalan hissəsi isə çevrə və yaşla əlaqədardır. 20 yaşlarında gec oyanmaq zirvəyə çıxarkən, yaşlandıqca bədən saatımız gedərək erkənə çəkilir.

Surrey Universitetində xronobiologiya professoru Malcolm von Schantz "Gec yatan insanların heç bir işə yaramayan insan olduqları, ya da gec oyananların tənbəl olduqları haqda fikirlər var. Ancaq əslində isə, bu, insan biologiyasıdır" deyir.

Sadəcə erkən oyananlar və ya gec yatanlar deyil, bunların ortasında qalanlar da var.

Gec yatanlar bədən saatlarını vərdişlərini dəyişdirərək yenidən formalaşdıra bilər.

Bədən saatlarımıza günəşin çıxması və batması təsir edir. Bir çoxumuz gündüz vaxtı az günəş işığına, gecə isə süni işıqlara məruz qalırıq.

Bu isə yuxumuzun gəlib-gəlməməyinə təsir edir.

NEWS FEED